7 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.
karabakhecotourism.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir Ceyhun Bayramov, son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.
ÜTT Baş katibi Zurab Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.