Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər 25 fevral 2023-cü il saat 15:00-da satışa çıxarılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.