Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonunun fermerləri üçün seminar təşkil edilib.
Ekoloji İnformasiya İB-nin piar xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə rəhbəri Musa Muradlı bildirib ki, layihə çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Layihənin əhəmiyyətindən danışan M.Muradlı qeyd edib ki, qida təhlükəsizliyinin təmin olunmasında fermerlərin böyük rolu var. Ekoloji təmiz məhsul istehsalı günün ən aktual tələblərinə çevrildiyindən fermerlər keyfiyyətli, kimyəvi maddələrdən uzaq məhsulların yetişdirilməsinə daha çox önəm verməlidir.
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul haqqında əhatəli çıxış edib. Bildirib ki, sağlamlığın qorunması baxımından ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı genişləndirilməlidir. İstehsalçı istehlakçıların ekoloji təmiz məhsullarla təmin olunmasında özündə məsuliyyət hiss etməli, kimyəvi mineral gübrələrlə yetişdirilmiş məhsulları bazara çıxarmaqdan çəkinməlidir. Belə bir məsuliyyət fermerin vətəndaşlıq mövqeyində, vətənpərvərlik hissində özünü göstərməlidir.
Xosrov Musayev bildirib ki, Qarabağ bölgəsi işğaldan azad olunandan sonra Prezidentimizin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işlərinə başlanılıb. İri infrastruktur layihələri həyata keçirilir, yollar, hava limanları inşa olunur. Gələcəkdə turizmin inkişafı üçün hərtərəfli işlər görülür. Qarabağın tezliklə yerli əhali ilə yanaşı, xarici qonaqlar üçün də cazibəli məkana çevrilməsi uzaqda deyil. Bütün bunlar bölgəyə gələn qonaqların təmiz ekoloji məhsullarla təminatını aktual edib. Fermerlərimiz ekoloji təmiz məhsulların istehsalını genişləndirməklə həm sağlamlığa töhfə vermiş olar, həm də iqtisadi gəlirlərini artıra bilərlər.
Müzakirələrlə davam edən tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb.