Bərdə rayon Şirvanlı kəndində əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə tədbir keçirilib.
Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Şirvanlı kənd folklor evinin təşkilatçılığı ilə Şirvanlı hamamında əhalinin mədəni istirahətini təmin etmək məqsədilə tədbir təşkil edilib.
Media1.az -ın verdiyi xəbərə görə,tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əməkdaşları, şəhid ailələri və qazilər, Şirvanlı kənd folklor klubunun, Uğurbəyli, Bala Qacar kənd klublarının və Şirvanlı, Uğurbəyli, Dəymədağıldı, Əliyanlı kənd kitabxanalarının əməkdaşları iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları qədim əşyalar, əl işləri, kitab sərgisi ilə yaxından tanış olub və uşaqlar tərəfindən vətənpərvərlik mövzusunda bir-birindən maraqlı şeirlər səsləndirilib.
Tədbirdə mədəniyyət işçiləri tərəfindən hazırlanmış milli mətbəximizə aid təamlar hazırlanaraq tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək qeyd edib ki, mədəniyyət müəssisələrində, istirahət və əyləncə parklarında əhalinin mədəni istirahətinin təmin olunması məqsədi ilə keçirilən bu cür tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Mədəni səviyyənin yüksəldilməsi, əhalinin asudə vaxtının təmin olunması məqsədilə belə tədbirlərin davamlı təşkil olunması nəzərdə tutulmuşdur.
Sonra çıxış edən Şirvanlı kənd İnzibati Ərazi dairəsinin İcra nümayəndəsi və şəhid ailələri bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsi insanlarada yüksək əhval-ruhiyə yaradır və insanların mədəniyyət sahəsinə olan marağını artırır. Eyni zamanda, bu kimi tədbirlər keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəsillərə çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Çıxışın sonunda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini çatdırıblar.
Tədbir Şirvanlı kənd folklor evinin hazırladığı bədii hissə ilə davam edib.