Dövrün çağırışlarını təkmil addımları ilə cavablandıran Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi liderliyini qoruyur. Təbii ki, bu uğurumuz düşünülmüş və məqsədyönlü siyasətə, ölkənin hərtərəfli inkişafını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır. Bu gün isə dünya Azərbaycanın təkmil dirçəliş modelindən bəhs edir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız bu gün həyatının yeni mərhələsini yaşayır.
Dövlət başçısı İlham Əliyevin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasındakı videoformatda çıxışı Azərbaycanın şəhərlərin inkişafı baxımından da zəngin təcrübəyə malik olduğunu açıqladı. Ölkə Prezidentinin bildirdiyi kimi, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqram”larından irəli gələn vəzifələrin uğurlu icrasını bu gün paytaxt Bakımızın simasında aydın şəkildə görürük. Azərbaycana gələn qonaqlar da şəhərimizin gözəlliyindən heyrətlərini gizlətmirlər. Hara baxsaq qədimliyin müasirliklə sintezini görmək mümkündür ki, bu da şəhərə xüsusi gözəllik verir.
Azərbaycanın şəhərlərin inkişaf etdirilməsi təcrübəsi hazırda işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Belə ki, dövlət başçısı İlham Əliyev ilk gündən bu ərazilərin müasir tələblər səviyyəsində yenidən qurulmasının vacibliyini bildirdi, “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında görüləcək işlərin yol xəritəsini təqdim etdi. Əsas çağırış işğaldan azad edilmiş şəhərlərin Baş planlarının hazırlanıb təqdim olunması və işlərin bu tərkibdə həyata keçirilməsidir.
Bu gün tarixi sahibinə qovuşmuş bütün torpaqlarımızda həyat yenidən canlanıb, quruculuq meydançasına çevriliblər. İlk gündən yol infrastrukturunun bərpasına və yenilənməsinə xüsusi diqqətin göstərilməsi hazırkı inkişaf prosesinin sürətinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev qeyd edilən nitqində bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
30 il düşmən tapdağı altında qalan bu torpaqlarımız tamamilə yerlə-yeksn edilib, bütün tikililər, tarixi və dini abidələrimiz dağıdılıb. Ölkə Prezidentinin vurğuladığı kimi, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədi.
Ermənilər hər daşı, qayası tarix olan bu ərazilərimizdə törətdikləri vəhşiliklərlə tarixi silməyə, bu əraziləri özününküləşdirməyə çalışsa da bunun mümkünsüzlüyünü çox yaxşı bilirdilər. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz bu torpaqların sahibinin kim olduğunu bir daha dünyaya çatdırdı. İki ilə yaxındır ki, bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının qurub-yaradan xalq olduğunu nümayiş etdirir. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrdə görüləcək işlər və onların icra mexanizmləri əksini tapıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə elə səfəri yoxdur ki, yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalmasın. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Ağalı ilk “ağıllı kənd”dir. Böyük Qayıdışın ilk addımının sevincini yaşayacağıq. Əsas hədəf budur ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.
Qısa təhlil əsasında bu qənaəti böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə böyük turizm məkanına çevriləcək.
Etibar Hacıyev – YAP Ağstafa rayon təşkilatının sədri