Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib.
“Report” xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətindən danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirib. Deyib ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və TÜRKSOY-un 30 illik yubileyləridir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, bu il Şuşada müxtəlif tədbirlər həyata keçirilib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu qeyd edib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.
Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini – turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları dinlənilib.
İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.