Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Qarabağ kurqanları

Yazar: Ekoloji Informasiya IB Kateqoriya: Qarabağ qədim yaşayış məskənləri

30

İyn
2022

Qarabağ həm təbiəti, həm də tarixi-arxeoloji abidələri ilə Azərbaycanın ən zəngin bölgələrindən biridir

Burada düzən, dağətəyi və yüksək dağlıq zonalar vəhdət təşkil edib biri-birini tamamlayır. Belə əlverişli təbii-coğrafi şərait səbəbindən qədim və orta əsrlərin bütün mərhələlərində bölgədə insanlar intensiv məskunlaşmış, əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olmuş, yaxın, uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələr qurmuşlar. Qarabağda bütün bu qaynar həyatın yadigarları olan çoxsaylı arxeoloji abidələr bu günümüzə qədər saxlanmışdır. Bu abidələrdən bir qrupu kurqanlardır.

Qəbir üzərində qurulmuş təpə arxeoloji elmi ədəbiyyatda kurqan adlanır. “Kurqan” qədim türk sözüdür və “qurmaq”, “ucaltmaq” (bu halda qəbir üstündə örtük, təpə ucaltmaq) mənalarını daşıyır. Eramızın əvvəllərindən başlayaraq bütün İlk Orta Əsrlər dövrlərində Avrasiyanın geniş çöllərində yayılan qədim türklər də ölülərini kurqanlarda dəfn edirdilər. Bu söz qədim türk dillərindən digər dillərə də keçmişdir. Lakin daha qədim zamanlarda Avrasiyanın müxtəlif regionlarındakı kurqanların necə adlanması məlum deyil.

Avrasiyada ən qədim kurqanlar e.ə. V minilliyin ikinci yarısı – IV minilliyin birinci yarısına (Xalkolit dövrünə) aid olub cənubi-şərqi Avropada (indiki Ukrayna və onunla həmsərhəd Rusiya çöllərində), şimali və cənubi Qafqaz ərazilərində aşkar edilmişdir. Azərbaycanda ən qədim kurqanlar e.ə. IV minilliyin birinci yarısına aid Ağstafa rayonunda Soyuqbulaq, Xaçmaz rayonunda Seyidlər, Urmiya gölündən cənub-qərbdə yerləşən Se Qirdan kurqanlarıdır. Sonrakı mərhələlərdə – Tunc-İlk Dəmir dövrlərində (e.ə. IV minilliyin axırları – I minilliyin əvvəlləri) kurqanlarda dəfn adəti xüsusilə geniş yayılmışdır.

Qarabağın aran və dağlıq ərazilərində, Şərqi Zəngəzur bölgəsində Tunc-İlk Dəmir dövrlərinə aid yüzlərlə kurqanlar mövcuddur. Bu arxeoloji abidələr Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Son iki ildə işğaldan azad olunmuş ərazilərdə (Füzuli rayonunda) əvvəllər elmə məlum olmayan kurqanlar da aşkar edilmiş, eyni zamanda bu ərazilərdə tikinti-quruculuq işləri ilə yanaşı, abidələrimizin xilası üçün arxeoloji tədqiqatların aparılmasının zəruriliyi də qeyd edilmişdir (http://science.gov.az/news/open/16942).

Qarabağın Xocalı-Gədəbəy mədəniyyəti (Son Tunc – İlk Dəmir dövrü) kurqanlarının fərqli cəhətlərindən biri onların lokal sahədə tam bir məzarlıq – nekropol halında sıx, kompakt yerləşməsidir. Bunu Xocalı kurqanları, Füzulidə Qarabulaq, Yedditəpə kurqan nekropolları timsalında daha aydın müşahidə etmək mümkündür. Belə bir vəziyyət, əlbəttə, dövrün sosial-iqtisadi inkişaf xüsusiyyətləri və dəfn adətləri ilə bağlı olmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu abidələrin müəyyən qismi Azərbaycana və Ön Asiyaya skif yürüşləri dövrünə – e.ə. VII-VI əsrlərə aiddirlər. Skiflərin bu ərazilərdə izlərinin aşkar edilməsi üçün Quruçay və Köndələnçay çaylarının hövzələrində yerləşən Qarabulaq, Yedditəpə, yeni aşkar olunmuş Şəkərcik kurqanları daha perspektivlidir.

Kurqanlar ilk növbədə aid olduqları dövrlərdə konkret coğrafiyada yaşamış əhali qruplarının dəfn adətlərinin əyani göstəriciləridir. Arxeoloji qazıntılar zamanı kurqanların örtüyünün quruluşu, stratiqrafiyası, kurqan örtüyü altındakı qəbir kameralarının strukturu, tipləri, içərisinə dolmuş torpaq və daş qatlarının ardıcıllığının müəyyən edilməsi və s. kimi məsələlər ən xırda detallarına qədər izlənilməli və düzgün qeydiyyat aparılmalıdır. Qəbirdə dəfnin hansı qaydada icra edildiyi, qəbirə hansı əşyaların hansı vəziyyətdə qoyulması, insan skeleti ilə yanaşı heyvan skeletlərinin hansı vəziyyətdə aşkar edilməsi faktları tam dəqiqliklə qeyd edilməlidir. Bütün bunlar dəfn adətinin öyrənilməsi üçün vacib şərtlərdir.

Qəbirdə aşkar edilmiş istehsal nümunələri həmin dövrün sənətkarlıq tarixinin (dulusçuluq, metalişləmə və s.) tədqiqi üçün olduqca əhəmiyyətlidir. Aşkar edilmiş insan skeleti yerindəcə antropoloq tərəfindən tədqiq edilməlidir. Botanik və zooloji qalıqlar növbəti laborator tədqiqatlar üçün bütövlükdə götürülməlidir. Gələcək araşdırmalarda onların növlərinin müəyyən edilməsi ilə birgə bu nümunələr əsasında kurqanın dəqiq yaşının müəyyən edilməsi üçün radiokarbon analizlər aparılmalıdır.

Bütün bunlar kurqanların qazıntısı prosesində icra edilməli olan qaydalardır. İndi işğaldan azad edilmiş Qarabağ ərazilərində kurqanların arxeoloji tədqiqatları qarşıda əsas elmi vəzifələrdən biridir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kurqanların qazıntılarını Tunc-İlk Dəmir dövrlərinin tədqiqatları üzrə mütəxəssislər, kurqan qazıntıları üzrə kifayət qədər təcrübəyə malik arxeoloq alimlər aparmalıdırlar. Ümumiyyətlə, həm yaşayış yerləri, həm də qəbir abidələrinin arxeoloji qazıntıları bu abidələrin aid olduqları dövrlərin tədqiqatları üzrə ixtisaslaşmış arxeoloqlar tərəfindən həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, hər bir dövrə və tipə aid abidələrin arxeoloji qazıntılarının üsulları müxtəlifdir.

Onu da unutmaq olmaz ki, arxeoloji abidələr, o cümlədən kurqanlar yerləşdikləri bölgələrin tarixini özündə əks etdirirlər. Bu abidələr konkret təbii-coğrafi şəraitdən, bu arealda yaşamış toplumun həyat tərzindən, iqtisadi-təsərrüfat fəaliyyətinin növündən və inkişaf səviyyəsindən, dəfn adətlərindən, dəfn zamanı qəbirlərə qoyulmuş maddi mədəniyyət nümunələrindən və s. amillərdən asılı olaraq regionlar üzrə müxtəlifdirlər. Misal üçün, Qazaxıstan ərazisindəki kurqanlarla Qarabağ kurqanları arasında fərqlər səbəbindən Qarabağ kurqanlarını Azərbaycan arxeoloqları daha yüksək səviyyədə qazıb, nəticələrini bu bölgənin və ümumiyyətlə Azərbaycanın qədim tarixi kontekstində daha düzgün interpretasiya edə bilərlər. Buna görə də hazırkı vəziyyətdə tikinti işləri ilə əlaqədar təxirəsalınmaz arxeoloji qazıntıları məhz Azərbaycan arxeoloqları icra etməlidirlər. Əcnəbi arxeoloqlar isə gələcəkdə müəyyən elmi layihələr üzrə Azərbaycan arxeoloqlarının rəhbərliyi ilə arxeoloji qazıntılarda iştirak edə bilərlər.

Kurqanlarda çox zaman cəmiyyətin nüfuzlu şəxsləri dəfn edilirdi. Buna görə də kurqanlar, ümumiyyətlə qədim qəbir abidələri cəmiyyətdə iyerarxik münasibətlər, sosial diferensiasiya kimi mühüm məsələlərin tədqiqi üçün dəyərli mənbələrdir. Məhz bu sosial proseslərin davamlı inkişafı ən qədim dövlət qurumlarının yaranmasına gətirib çıxarmışdır. Buna görə də kurqanların tədqiqinə bu sahə üzrə ixtisaslaşmış yerli peşəkarlar cəlb edilməlidir.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu ərazilərdəki çoxsaylı, zəngin abidələrdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması üçün hərtərəfli imkanlar açılmışdır. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağın və Şərqi Zəngəzurun hər bir tarixi dövrə və növə aid abidələrini, o cümlədən kurqanları yüksək səviyyədə tədqiq edəcək arxeoloq alimlər çalışırlar. Sadəcə bu imkandan və bu elmi potensialdan düzgün istifadə edilməklə hər bir arxeoloqun tədqiqat üçün öz ixtisasına uyğun abidəyə yönəldilməsi məqsədəuyğundur.

Nəcəf MÜSEYİBLİ

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.e.d., professor

Cavab yazın