500 illik paytaxt statusuna malik olmuş Bərdə şəhəri, öz ərazisindəki tarixi abidələrlə yerli və xarici turistlərin böyük marağına səbəb olmuşdur. Bunlardan biri də Şirvanlı kəndində yerləşən Bərdə hamamı adı ilə tanınan tikilidir. Qarabağ bölgəsinin nadir tarixi abidələrindən biri olan, XVIII əsrə aid hamam turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Həmin dövrdə çox məşhurlaşmış Şirvanlı hamamına nəinki kənd adamları, eyni zamanda ətraf yerlərdən də camaat gəlirdi. Hacıqulular nəslinə məxsus olmuş hamamın əsası bölgənin nüfuzlu şəxslərindən hesab olunan Seyid Heydər tərəfindən qoyulub.Qədim hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün təyin edilib. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. Ön hissədən kişilər, arxa hissədən isə qadınların girişi nəzərdə tutulub. Kərpicdən inşa edilən, ön və arxa tərəfdən giriş qapısı olan hamam iki böyük zaldan və kiçik hücrələrdən ibarətdir. Binanın mərkəzində hovuzu olan birinci hissə və içərisində üç ayrı otağı olan ikinci hissə yerləşir.Hamam ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Sonralar tələbat azaldığından fəaliyyəti dayandırılıb. Hal-hazırda Şirvanlı kəndində yerləşən hamam həm irsimiz, həm də turizm potenisallı, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edilir.
Qarabağın qədim hamamı: XVIII əsrə aid hamam turistlərin ən çox ziyarət etdiyi məkanlardandır
Kateqoriya: Qarabağ qədim yaşayış məskənləri