Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq
Ekoloji İnformasiya İB - "Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması" layihəsi - 2022
svg
Bağlamaq

Bərdədə Balabəyin evi – tarixi memarlıq abidəsi

Şəkillərdə gördüyünüz bu yer Balabəyin evidir. 1893-cü ildə inşa edilmiş bu bina Bərdə rayonunda yerləşir.
Binanın sahibi Bala bəy Qəhrəman bəy oğlu Tağıbəyov 1887-ci ildə Cavanşir qəzasının Saatlı оbasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa Real məktəbini bitirmişdir. Dövlət idarələrində məmur işləmişdir.
Onun Bakı, Tiflis və Peterburqdakı banklarda şəxsi hesabları var idi.
Bala bəy Tağıbəyov Üzeyir bəy Hacıbəyovun Zaqafqaziya (Qori) Müəllimlər seminariyasına təqdim etdiyi bəylik arayışını təsdiq edənlər arasında olub.
O, Sovet dönəmində Tağızadə soyadını daşıyırdı.
Bala bəy Bərdə şəhərinə köçmüş, 1893-cü ildə burada özünə böyük bir ev tikdirmişdi. XIX əsr bəylərinin yaşayış tərzini əks etdirən 2 mərtəbəli əzəmətli bina 12 otaqdan, 2 foyedən, 5 eyvandan və yardımçı otaqlardan ibarətdir. Həyətyanı sahəsi 1,5 hektar, binanın sahəsi isə 396 kv.m-dir. Hər otağın divarında kömür sobaları yerləşir. Rus əsilli ustalar tərəfindən alman üslubunda tikilmiş evin tikintisi zamanı işlədilən materiallar ölkəmizin bəzi rayonlarından və Gürcüstandan gətirilib. Evin kanalizasiya xətti xüsusilə diqqəti cəlb edir.
Meşənin kənarında, yaşıllıqlar qoynunda, füsunkar bir ərazidə qırmızı kərpicdən inşa edilən bu malikanə elə tikilib ki, günəş şüası onu hər tərəfdən tutur.
Bala bəy Tağızadə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mülkünü dövlətə bağışlayıb.
Bala bəy Tağızadə sağlığında var-dövlətindən, şəxsi nüfuzundan xalq üçün, millət üçün də istifadə edib. Lakin sovetin diktatura maşını ondan da yan keçməyib. XX əsrin 30-cu illərində bu xeyirxah insana yalnız “bəy” adını daşıdığına görə 10 il iş kəsiblər. Qolçomaqlıqda ittiham edilən Bala bəy sürgün edilir. Özü sürgün edilsə də, malikanəsi gözdən yayınıb, dağıdılmayıb. Bala bəy Tağızadənin tikdirdiyi bu bina yerli əhəmiyyətli memarlıq abidəsi kimi 9 saylı invertar kimi qeydiyyatdadır.
Hazırda eyvanları və otaqların döşəmələri qəzalı vəziyyətdədir. Divarların vəziyyəti qənaətbəxşdir. Geniş həyətyanı sahəsi var. Evdə təmir-bərpa işlərinin aparılması zəruridir.
Fotolar Arzu Murada məxsusdur…
Vəsilə Möhsümova- Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi

Other Services

  • Bərdənin tarixi haqqında

    Tarixi Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu

  • Azıx mağarası

    Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900